March 16

Boşanma ər-arvad münasibətlərini bitirir, lakin valideynliyi bitirmir.

Boşanma ər-arvad münasibətlərini bitirir, lakin valideynliyi bitirmir.

Evlilik məsuliyyətdir və evliliyin ailə üzərinə qoyduğu ilk vəzifələrdən biri saleh bir nəsil yetişdirməkdir. Boşanma ər-arvad münasibətlərini bitirir, lakin valideynliyi bitirmir. Valideynlər mütləq şəkildə bu valideynliyin davam etməsi və onunla bağlı bütün məsuliyyətlərin qorunması barədə razılığa gəlməlidirlər və bundan irəli gələn hər şeyi də nəzərə almalıdırlar.

Bir nəfər hər dəfə oğlu ilə görüşdən qayıdanda mənə həmin görüşləri müşayiət edən ağır iztirablardan danışır. O, uşağının ağlamasından və uşağın ona söylədiyi kəskin sözlərdən danışır. Hətta artıq bu uşaq öz atasını sanki düşmən kimi qəbul etməyə başlayıb. Ata bir az uşağı ilə söhbət edəndə məlum olur ki, uşaq bütün bunları hər gün öz ailəsindən və anasından eşidir. Buna görə də artıq uşaq atası ilə görüşmək istəmir.

Əslində burada böyük bir problemlə üz-üzəyik. Bu, sadəcə boşanma problemi deyil. Burada qohumluq bağlarının qırılması ilə qarşılaşırıq. Qarşımızda bu balaca uşağın hüquqlarının açıq şəkildə tapdanması var və onun ən mühüm ehtiyaclarından biri də məhv edilir - uşağın qəlbində ata və ana haqqında formalaşdırdığı o gözəl obrazı qorumaq ehtiyacı. Çünki məhz bu obraz onun üçün xoşbəxtlik, ruhi sakitlik və daxili sabitlik mənbəyidir.

Mən belə davranışlara və uşaqlara qarşı göstərilən bu qəddarlığa çox təəccüblənirəm. Onsuz da uşaq ya atasından, ya da anasından məhrum qaldıqdan sonra, bir də onun qəlbində qalan o gözəl obraz da əlindən alınır. Əgər biz həmin valideynlə birlikdə yaşaya bilməmişiksə, bu o demək deyil ki, uşağın qəlbində atasına dair qurduğu o gözəl obrazı da məhv etməliyik. Bu, ayrıca bir cinayətdir və boşanma mövzusu ilə birbaşa əlaqəsi yoxdur.

Daha çox təəccübləndiyim isə odur ki, insanlar yeni həyatın astanasında, bir çox təhlükələrin qarşısında durduqları halda belə bir addım atırlar. Halbuki məhz bu vaxt onlar hər zamankından daha çox Uca və Böyük Allahın yardımına və dəstəyinə möhtacdırlar. Məgər Allah qohumluq bağlarını qıranlara uğur verərmi? Məgər düşmənçilik və qəddarlıqla dolu bir yolda Allah bizə uğur nəsib edərmi?

Uca Allah buyurur:

"Əgər (haqdan)üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz. Onlar Allahın lənətlədiyi, qulaqlarını kar və gözlərini kor etdiyi kimsələrdir."

Həqiqətən də insan qanını donduran səhnələr görürük. Ər-arvad arasındakı müharibə uşaqlara da keçid edir. Sanki boşanma ilə bu müharibə bitmir, əksinə yeni mərhələ başlayır - uşağın şüurunda atasını öldürmək cəhdi. Halbuki bu, Uca və Böyük Allahın uşaqlarımız barədə bizə əmanət etdiyi ən mühüm məsuliyyətin israfıdır - onların psixikasını və daxili ruhi sağlamlığını qorumaq məsuliyyətinin.

Ona görə də boşanmadan sonra uşaqları ata və ya ana əleyhinə qızışdırmaq sözün tam mənasında cinayətdir. Boşanma ər-arvad münasibətlərini bitirir, lakin valideynliyi bitirmir. Sən və o, boşanmadan sonra da bu uşaqların valideyni olaraq qalacaqsınız, necə ki boşanmadan əvvəl idiniz. Heç kim gəlib atanı əvəz edə bilməz, necə ki heç kim gəlib ananı da əvəz edə bilməz.

Gəlin uşaqlarımızı uzun sürən intiqam müharibəsinin qurbanına çevirməyək və onları öz günahımız olmayan səhvlərin bədəlini ödəməyə məcbur etməyək. Uşağın qəlbindəki bu obrazın dağıdılması və təhrif edilməsi onun mənəvi yönünün və əxlaqi meyarlarının dağılmasının əsas səbəblərindən biridir.

Uşaq öz əxlaqi nümunəsini necə formalaşdırır? O, bunu atasının obrazı vasitəsilə qurur. Buna görə də görürsünüz ki, uşaq daim atasına bənzəməyə çalışır. Ata nə edirsə, uşaq üçün düzgün davranışın ölçüsünə çevrilir.

Elə buna görə də bir çox atalar bəzi pis davranışlarını övladlarından gizlətməyə çalışırlar. Bəzən ata siqaret çəkir, spirtli içki içir və ya başqa bir günah edir, lakin bütün gücü ilə çalışır ki, bu pislik uşaqlarına keçməsin. Beləliklə, uşağın atası haqqında qurduğu obraz onun yaxşı ilə pisi ayırma yoluna çevrilir.

Əgər bu obraz təhrif olunarsa, uşaq mənəvi çaşqınlıq vəziyyətinə düşür və həmin boşluğu doldurmaq üçün başqa nümunələr axtarmağa başlayır. Bununla biz uşağın düzgün tərbiyəsinin ilk əsasını dağıtmış oluruq.

Evlilik məsuliyyətdir və evliliyin ilk vəzifələrindən biri saleh bir nəsil yetişdirməkdir. Bu nəsildən ilk fayda görənlər valideynlərin özləri olur və bu tərbiyədə uğursuzluğun ilk zərərini çəkənlər də yenə valideynlərin özləri olur.

Eyni şəkildə, uşağın qəlbində ana obrazını dağıtdıqda, uşaq ruhi mərhəmətdən məhrum qalmağa başlayır. Hətta ana həyatda olmasa belə, onun haqqında gözəl xatirələr və ya arada baş verən görüşlər uşağın psixoloji sığınacağına çevrilir. Əgər bu sığınacaq da dağıdılarsa, uşaq dərin kədərə qərq olur və bu, onun davranışına və psixikasına ciddi təsir göstərə bilər.

Əgər biz təhlükəsiz boşanmadan və ya zərəri minimum olan boşanmadan danışırıqsa - halbuki zərərsiz boşanma olmur - o zaman uşaqları bu münaqişədən uzaqlaşdırmaq mütləqdir. Valideynlər valideynliyin davam etməsi, onunla bağlı bütün hüquq və vəzifələrin qorunması barədə razılaşmalıdırlar. Uşaqların tərbiyəsi ayrılıqdan sonra da ortaq məsuliyyət olaraq qalır.

Uşağın atasını sevməsinə mane olmaq əslində uşağın öz hüquqlarına təcavüz etməkdir və onun təbii inkişafı üçün çox vacib olan bir şeyi əlindən almaqdır. Buna görə münaqişə uşaqlardan gizlədilməlidir. Təəssüf ki, bir çox ailələr buna məhəl qoymur.

Uşaq babasının evinə gələndə bu problemlər müzakirə olunur və o, atasına qarşı deyilən ittihamları və ağır sözləri eşidir. Böyüklər düşünür ki, uşaq sadəcə oynayır və diqqət etmir. Halbuki o, hər şeyi yadda saxlayır və sonrakı həyat mərhələlərində bunları analiz edir.

Ona görə də uşaqlara mərhəmət göstərmək və onları bu münaqişədən uzaq tutmaq lazımdır.

Uşağın yanında digər valideyn haqqında yaxşı sözlər demək lazımdır:

"Atan yaxşı insandır",

"Atan mərhəmətlidir",

"Atan gözəl insandır",

"Sadəcə bizim aramızda uyğunluq olmadı".

Bu cür tərifi gizlətmək lazım deyil. Əksinə, uşağın gözündə ata nə qədər uca görünərsə, bu onun düzgün tərbiyəsinə bir o qədər kömək edir.

Burada məqsəd tərəflərdən birinə üstünlük vermək deyil. Məqsəd hər iki valideynin və ən başlıcası uşağın xeyridir.

Uşağa atası ilə görüşmək imkanı verilməlidir. Bu gün boşanmış ataların uşaqları ilə görüşünün məhdudlaşdırılması qəbul edilə bilməz və bunun nə hüquqi, nə də şəri dəlili yoxdur. Şəriət görüş üçün konkret vaxt təyin etməmişdir.

Fəqihlər demişlər ki, ata uşağını istədiyi vaxt görə bilər, əgər bu uşağa zərər vermirsə, məsələn dərsinə mane olmursa və s. Əgər zərər yoxdursa, görüşə qadağa qoymaq şəriətə görə haramdır.

Bu, uşağın tərbiyəsi üçün də vacibdir. Çünki ata ilə yaxınlıq uşağa ehtiyac duyduğu mənəvi istiqaməti verir. Atadan uzaqlaşdırmaq isə xüsusilə evdə başqa kişi yoxdursa, çox pis xüsusiyyətlərin formalaşmasına səbəb ola bilər.

Araşdırmalar göstərir ki, oğlanların əxlaqi sapmalarının əsas səbəblərindən biri onların kişi nümunəsi olmadan böyüməsidir.

Boşanmadan sonra uşağın yeni qardaş və bacıları ilə əlaqəsinin qorunması da vacibdir. Əgər ata yenidən ailə qurub başqa uşaqlara sahib olarsa, bu uşaq da özünü həmin ailənin bir hissəsi kimi hiss etməlidir.

Ata ilə oğulun birlikdə vaxt keçirməsi də çox önəmlidir. Ata uşaqları ilə nə qədər çox vaxt keçirərsə - onları məscidə aparsa, gəzintilərə çıxarsa, tədbirlərə aparsa - bu onların düzgün tərbiyəsinə bir o qədər kömək edir.

Əgər biz həqiqətən uşağın xeyrini düşünürüksə, onun atası ilə əlaqəsini gücləndirməyə çalışmalıyıq.

Əgər ər-arvad münasibətləri dəyişibsə, bu uşaqlarla münasibətləri dəyişdirməməlidir. Çünki əgər biz evlilikdə uğursuz olmuşuqsa, boşanmada da uğursuz olmamalıyıq. Əgər birlikdə ləyaqətlə yaşaya bilməmişiksə, heç olmasa yaxşılıqla ayrılmağı bacarmalıyıq.

Dr. Həmid əl-İdrisi

https://t.me/darulhikam