January 9, 2021

Dünya


Bu dünyanın savabı az,
Bu dünyanın günahı çox.
Bu dünyanın bəyazı yox,
Bu dünyanın siyahı çox.

Şadlıq verməz güldürməyə,
Fəqət haqqı sildirməyə,
Düzgünlüyü öldürməyə,
Pünhan qalan silahı çox.

Səhvi əzəl Adəm edib,
Ayaq açıb, günah gedib,
Ta Adəmdən bizə keçib,
Bizdə günah tamahı çox.

Bəlli deyil mübahımız,
Tək sabahdır pənahımız,
Amma gəlmir sabahımız,
Gözləmişik sabahı çox.

Mən dözürəm siz də dözün!
Əgər təmiz görür gözün.
Sən dünyanı anla özün.
Mənası az, izahı çox.

Fikrət gedər, yaşa dolmaz.
Bu dünyada artıq qalmaz.
Dünya dərdin saymaq olmaz.
Dərdimiz çox, siyahı çox.