January 9, 2021

Kor şair


Mən gözümə nifrət etdim,
Çün o, görür hər pisliyi.
Görür hər cür səhnələri,
Süni olan artistliyi.

Mən gözümə nifrət etdim.
Düşüb gözüm, gözümdən də.
İstəmirəm görüm daha,
Əsər yoxdu dözümdən də.

Mən gözümə nifrət etdim,
Anlayanda bu dünyanı.
Qoy kor olum zülmətdəykən,
Qurum gözəl bir xəyalı.

İstəmirəm görüm daha,
İki üzlü insanları.
Məclisimdə badə vuran,
Dost saydığım düşmanları.

Göz kor olsa eybi yoxdur.
Vicdan gərək kor olmasın!
Ürək ilə, ruhu ilə,
İnsan gərək kor olmasın.