November 3, 2023

Alokaziya

Alokaziya növləri

📣 Kanala abunə ol 💬 Söhbət qrupu

Alokaziya (el arasında: fil qulağı) tropik mənşəlli çoxillik dekorativ yarpaqlı bitkidir, Asiya və Hindistanın tropiklərindən gəlir. Bizim təbiət şəraitlərimizdə yalnız qapalı məkan bitkisi kimi yetişdirilə bilər. Hazırda 70-ə yaxın bitki növü məlumdur, lakin onlardan yalnız bir neçəsi evdə yetişdirilir. Bitkinin yarpaqları o qədər təsir edicidir ki, sözün əsl mənasında heç kəsi laqeyd qoymayacaqdır. Yarpaqların diametri təxminən bir yarım metr ola bilər. Bu çox gözəl və yüksək dekorativ bitkidir. Bu məqaləmizdə alokasiyaya necə qulluq edəcəyimizi anlayacağıq.

🌤️ İşıqlandırma

Alokaziya çox işıqsevərdir, lakin günəş şüalarının birbaşa bitkiyə dəyməsinə icazə verməyin, çünki yarpaqlar günəşdən yana bilər. Dibçək üçün optimal yer şərq və ya qərb istiqamətli pəncərə olacaqdır. Fil qulağı, bu növ bitki adlandırıldığı kimi, təbii olaraq günəşə doğru böyüyür, buna görə də dibçəyi müntəzəm olaraq dörddəbir çevirin.

Unutmayın ki, alokaziyanın rəngarəng növləri işıqlandırmaya artan tələblərlə xarakterizə olunur, çünki günəş çatışmazlığı olduqda, yarpaqlar qeyri-adi və xüsusi rəngini itirə bilər.

Alocasia Dragon Scale

🌡️ Temperatur

İsti mövsümdə alokaziya olan otaqda havanın temperaturu təxminən 23-25 ​​°C olmalıdır. Qışda və payızda otağın 18 °C-dən aşağı soyuq olmadığından əmin olun, bu zaman ən optimal temperatur 20 dərəcə hesab olunur. Bu qapalı bitkilər istiliyi sevir, lakin çox quru havaya görə istilik cihazlarının yaxınlığında yerləşdirilməsi tövsiyə edilmir.

Soyuq mövsümdə bitkinin yerləşdiyi məkanda havanın temperaturu 18 °C-dən aşağı olarsa, bitkinin qış yuxusuna getmə ehtimalı yaranır. Bu zaman bütün yarpaqlar saralıb solur. Dibçəkdə sadəcə gövdə və kökləri qalır, bu səbəbə görə sulama rejiminə əsasən diqqət etməlisiniz, torpaq sadəcə nəm şəkildə qalmalıdır, çox sulamaq olmaz.

💦 Sulama

İnkişaf mövsümdə bitkinin sistematik suvarılması lazımdır, alokaziya bir az nəmli torpağa üstünlük verir. Buna görə də, az və ya çox sulumaya yol verilməməsi üçün torpağı mütəmadi olaraq barmağınızla yoxlayın. Bitkini tez-tez sulamamaq məsləhətdir, əks halda köklər su altında qalacaq və bu, kök çürüməsinə səbəb ola bilər. Bunu yarpağın sarı-qəhvəyi kənarları ilə asanlıqla görə bilərsiniz.

Payızın gəlməsi ilə suvarma rejimi tədricən azalır və soyuq mövsümdə torpağın üst təbəqəsinin qurumasından bir neçə gün keçdikdən sonra sulanmalıdır. Torpağın qurumadığından əmin olun, dibçəkdə mayenin uzunmüddətli durğunluğu da bitkimizin sağlamlığına mənfi təsir göstərir.

Alocasia Zebrina

☔ Havanın rütubəti

Təbiətdə alokaziya yüksək rütubətli və isti bir mühitdə böyüyür. Ev alokaziyaları da hava rütubətini tələb edir. Buna görə, otaq temperaturunda su istifadə edərək, bitkinizi müntəzəm olaraq su ilə püskürtməyə çalışın. Bundan əlavə, yarpaqları ən azı həftədə bir dəfə nəm yumşaq parça ilə silmək xeyirlidir, zərərvericilərin yaranmasının ehtimalı da azalacaq.

Alocasia Frydek

🧴 Gübrələmə

Bitki yalnız inkişaf dövründə (aprel - sentyabr), soyuq mövsüm başlamazdan əvvəl gübələnir. Alokaziya iki həftədən bir qidalandırılmalıdır, bu məqsədlə dekorativ yarpaqlı bitkilər üçün universal mineral gübrələr istifadə olunur, tərkibində daha çox azot üstünlük verən gübrələr uyğundur.

Alocasia Amazonica
Alocasia Polly

✂️ Çoxaltma

Alokaizya müxtəlif hissələri ilə asanlıqla çoxaldılır, bitki növündən asılı olaraq yayılma üsulu seçilir, ən asan kök tumurcuqları ilə yayılır. Dibçək kifayət qədər böyük olduqda, gənc bitkilər öz-özünə inkişafa başlayır. Bitki dörd yarpaq olduqda, onu ana bitkidən ayıra bilərsiniz, bunu yazda etmək məsləhətdir. Alokaziya normal və ya aşağı turşuluğu olan yüngül, nəm və nəfəs alan torpaqda kök atacaq və yaxşı inkişaf edəcəkdir. Torpaq nəm olmalıdır və suvarma sistemli şəkildə aparılmalıdır.

Gənc bitkini parlaq bir yerə qoyun. Bitkinin üzərini şəffaf qab ilə örtüb parnik effekti yaradın, beləliklə, rütubət artır və bu böyümə prosesini təşviq edir. Köklənmənin uğurlu olması üçün otaqda havanın temperaturu 22-25 °C səviyyəsində saxlanılmalıdır.

Alocasia Regal Shield